Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında tədris edəcək professor-müəllim heyəti ilə onlayn görüş

Gömrük Akademiyasında tədris edəcək professor-müəllim heyəti ilə onlayn görüş

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov 2020/2021-ci tədris ilində Akademiyada müxtəlif fənləri tədris edəcək professor-müəllim heyəti ilə onlayn görüş keçirib. Qulu Novruzov professor-müəllim heyətini salamlayaraq, bu görüşün Akademiyada artıq ikinci ildir ki, ənənəvi olaraq keçirildiyini bildirib.  Akademiyanın rəisi pandemiya dövründə ölkə vətəndaşlarının sağlamlığının qorunması, vətəndaşların pandemiyadan az zərərlə çıxması üçün dövlət tərəfindən görülən işlərdən söz açıb. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mühüm tədbirlərdən danışaraq, Birinci vitse-prezident Mehriban Əliyevanın da bu sahədəki uğurlu və məqsədyönlü fəaliyyətinə toxunub.

Pandemiya dövründə Akademiyada tədrisin onlayn təşkili məsələlərinə toxunan Qulu Novruzov bu prosesin lazımi qaydada həyata keçirildiyini deyib.“Onlayn tədris prosesində təcrübəmiz var. Martın əvvəlindən başlayaraq, əyani tədrisin dayandırılması və onlayn davam etdirilməsi qərarı olduğunda dərslərin onlayn tədrisinə keçid edən iki ali təhsil müəssisəsindən biri Akademiya oldu. Texniki, təşkilati, tədris prosesinin idarə olunması baxımından çətinliklərin olmasına baxmayaraq, bütövlükdə respublikada bu prosesi ən uğurla aparan ali təhsil müəssisələrindən biri olduq”- deyə Akademiya rəisi qeyd edib. O, həmçinin imtahanların, o cümlədən buraxılış işlərinin onlayn müdafiəsinin də mükəmməl təşkil olunduğunu deyib.

Beynəlxalq əməkdaşlığın prioritet istiqamət olduğunu vurğulayan Qulu Novruzov pandemiya dövründə bir sıra xarici ölkələrin ali məktəbləri ilə qurulan qarşılıqlı əməkdaşlıqdan danışaraq, müqavilələrin imzalandığını qeyd edib. Erasmus+ proqramı çərçivəsində Akademiyanın İspaniya, Belçika, Niderland, Ukrayna, Almaniya universitetləri ilə birgə konsorsium çərçivəsində layihədə iştirakından söz açıb. Növbəti illərdə dərəcə proqramlarının həyata keçirilməsi, ingilis dilində tədrisin də təşkilinin planlaşdırıldığını deyib.

Qulu Novruzov Akademiyada son iki il ərzində görülən işlərdən söz açaraq, keçən tədris ilindən “İnformasiya təhlükəsizliyi”, bu tədris ilindən “Beynəlxalq ticarət və logistika” ixtisasına qəbulun aparıldığını deyib. Bakalavriat səviyyəsində hazırda dörd ixtisasın olduğunu deyən  Akademiya rəisi yeni ixtisasların açılmasının tələbə sayının artımına təsir etdiyini və bununla da, müəllimlərin sayının da artdığını qeyd edib. Eyni zamanda, bu tədris ilində xarici ölkələrin ali məktəblərində dərs deyən azərbaycanlı alimlərin müəllim kimi Akademiyada tədrisə cəlb olunduğunu vurğulayıb.

Kitabxananın geniş imkanlarından söz açan Akademiya rəisi müəllimlərin, o cümlədən əməkdaşlar və tələbələrin bundan bəhrələnmək imkanının olduğunu deyib.

Nazirlər Kabinetinin qərarı ilə dərslərin ikinci və yuxarı kurslarda sentyabrın 15-dən onlayn şəkildə başlayacağını diqqətə çatdıran Qulu Novruzov Akademiyada tədrisin həm onlayn, həm də əyani təşkili ilə bağlı hazırlıqların aparıldığını diqqətə çatdırıb.

Xüsusi təyinatlı ali təhsil müəssisəsi olaraq Akademiyada nizam-intizama xüsusi əhəmiyyət verildiyini deyən Qulu Novruzov tələbələrin formalaşmasında, təlim-tərbiyə prosesində tədrisi həyata keçirən müəllimlərin böyük rol oynadığını və bu istiqamətdə fəaliyyətinin vacibliyini vurğulayıb, Qulu Novruzov yeni tədris ilinin başlanması münasibətilə bütün professor-müəllim heyətini təbrik edib, onlara pedaqoji fəaliyyətdə uğurlar arzulayıb.

İclasda Akademiyada elektron sistem haqqında məlumat verilib, dərslərin Microsoft Teams proqramı vasitəsilə keçiriləcəyi bildirilib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi